ELM VƏ TƏHSİL
Beynəlxalq forumda Naftalan neftinin öyrənilməsi üzrə aparılan tədqiqatların nəticələri təqdim edilib
Bakı, 29 noyabr, AZƏRTAC
Qazaxıstan Respublikası Prezidenti İşlər İdarəsinin Tibb Mərkəzi və bu ölkənin Səhiyyə Nazirliyinin birgə dəstəyi ilə Astanada "Şipajay-2022" beynəlxalq elmi-praktik forumu keçirilib. Forumda akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri professor Ulduz Həşimova "Naftalan neftinin müalicəvi təsir mexanizmləri" mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. U.Həşimova Fiziologiya İnstitutunda Azərbaycanın unikal milli sərvəti olan Naftalan neftinin bioloji effektlərinin öyrənilməsi üzrə aparılan innovativ tədqiqatların nəticələrini təqdim edib. Professor çıxışında Naftalan neftinin müalicəvi təsirinin müasir elmin açdığı imkanlardan istifadə etməklə daha dərindən öyrənilməsinin aktuallığını vurğulayıb.
Məruzə digər ölkələrin təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Forum çərçivəsində digər məsələlərlə yanaşı, tibbi reabilitasiya və sanatoriya-kurort sektorunun inkişaf perspektivləri və bu inkişafın təmin edilməsində müasir elmi innovasiyaların roluna dair müzakirələr aparılıb.