CƏMİYYƏT


Beynəlxalq konfransda Azərbaycandakı multikultural mühitdən danışılıb

Bakı, 9 fevral, AZƏRTAC

Fevralın 6-7-də Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində ATƏT regionunda antisemitizm ilə mübarizə mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) təmsil edib.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransın bağlanış sessiyasında iştirakçı ölkələrin nümayəndə heyətləri bəyanatla çıxış ediblər.

Multikulturalizm Mərkəzinin müşaviri professor Aytən Qəhrəman çıxışında bildirib ki, son dövrlər dünyada, xüsusilə ATƏT regionunda dözümsüzlük, antisemitizm, ksenofobiya, islamofobiya, etnik və dini zəmində ayrı-seçkiliyin artması tendensiyası artmaqdadır. Qeyd edilib ki, dinləri terrorizm və zorakı ekstremizmlə əlaqələndirmək cəhdləri xüsusilə narahatlıq doğurur. Bu baxımdan konfransın mövzusu aktualdır.

Tədbirdə vurğulanıb ki, antisemitizm təkcə yəhudi icmalarını hədəf alan təhlükə deyil, o, olan yerdə digər ayrı-seçkilik halları da ola bilər. Cənubi Qafqazda antisemitizmlə bağlı məlumatlar onu göstərir ki, onun yüksək səviyyəsi digər milli və dini azlıqların nümayəndələrinə qarşı dözümsüzlük və ayrı-seçkiliklə müşayiət olunur, monoetnik cəmiyyətin yaranmasına gətirib çıxarır. Məsələyə hərtərəfli, etnik və ya dinə əsaslanan nifrət və dözümsüzlüyün bütün təzahürlərinə eyni qətiyyətlə yanaşılması vacibdir.

Bildirilib ki, çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan nifrətə qarşı mübarizəni, müxtəlif cəmiyyətlərin inteqrasiyasını asanlaşdıran, ayrı-seçkiliyin qarşısını alan siyasətin təşviqini dəstəkləyir. Bu cür siyasətin münaqişədən sonrakı şəraitdə xüsusilə aktual olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan antisemitizmin olmadığı dövlətlər sırasındadır. Azərbaycanda üç yəhudi icması fəaliyyət göstərir və ölkəmizdə mövcud olan altı sinaqoqdan ikisinin tikintisi hökumət tərəfindən maliyyələşdirilib. Cənubi Qafqazın ən böyük yəhudi məktəbi də Bakıda fəaliyyət göstərir.

Qeyd edək ki, üç sessiyadan ibarət olan konfransın açılış mərasimində Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani çıxış edib.

Sual-cavab formatında təşkil olunan sessiyalarda “ATƏT regionunda antisemitizm ilə mübarizə istiqamətində səylərə diqqətin yönəlməsi”, “Antisemitizm ilə bağlı müasir təzahürlər: yeni çağırışlar və onların cavablandırılması üçün səmərəli yollar” və “Gələcəyə baxış: süni zəka dövründə antisemitizmin cavablandırılması” mövzularında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.