ELM VƏ TƏHSİL
Beynəlxalq konqresdə Azərbaycanın güclü turizm potensialı diqqət mərkəzində olub
Bakı, 17 oktyabr, AZƏRTAC
Türkiyənin Muğla Sıtkı Koçman Universitetində “Turizm və mədəni miras” mövzusunda beynəlxalq konqres keçirilib. Konqresin təkliflər paketində güclü turizm potensialına malik Azərbaycanda müvafiq sahə üzrə ixtisasların daha geniş təbliği və inkişafının təmini məsələsi əksini tapıb. Tədbirdə, həmçinin gələcəkdə birgə beynəlxalq konfrans və simpoziumların təşkili, əməkdaşlıq müqaviləsi imzalanan universitetlərlə müəllim mübadiləsinə xüsusi önəm verilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
Bu barədə AZƏRTAC-a konqresin iştirakçısı, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm və qonaqpərvərlik fakültəsi dekanının müavini, dosent Flora Ələsgərova məlumat verib.
F.Ələsgərovanın sözlərinə görə, konqresdə qeyri-neft sektorunun inkişafını hədəfləyən güclü turizm potensialından faydalanmanın səmərəli aspektləri diqqət mərkəzində olub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri bölmə, eyni zamanda, müvafiq tədqiqat sahələrinin müzakirəsinə həsr olunan iclaslara sədrlik ediblər.
Bildirilib ki, konqresdə turizm, mədəni irs, milli mətbəx, qastronomiya və digər bölmə iclaslarının fəaliyyəti daha işgüzar olub. Dünyanın bir sıra ölkələrindən olan elm adamlarının və tədqiqatçıların qatıldıqları iclaslarda türk xalqlarına aid sənət, ədəbiyyat, memarlıq, dil və adət-ənənələrlə bağlı elmi məruzələr dinlənilib.
Qeyd edək ki, 2012-ci ildə ATMU ilə Muğla Sıtkı Koçman Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.