İQTİSADİYYAT
Beynəlxalq tədbirdə Sərsəng su anbarında suyun işğalçılar tərəfindən çirkləndirilməsi barədə məlumat verilib
Qahirə, 15 oktyabr, AZƏRTAC
Misir Ərəb Respublikasının paytaxtı Qahirədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin su nazirlərinin dördüncü konfransı keçirilir.
AZƏRTAC ölkəmizin Misirdəki səfirliyinə istinadla xəbər verir ki, konfransda Azərbaycan Respublikasını Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və baş məsləhətçi Fərid Əliyev təmsil edirlər.
Zakir Quliyev toplantı iştirakçılarının qarşısında çıxış edərkən, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən Sərsəng su anbarı barədə ətraflı məlumat verib, işğalçılar tərəfindən suyun çirkləndirilməsi və ermənilərin bu hərəkətinin İƏT tərəfindən pislənilməsi barədə müraciət edib.
Konfransda su ehtiyatlarından səmərəli istifadə edilməsi, bu prosesdə müasir texnika və texnologiyaların tətbiq edilməsi, su ehtiyatlarının idarə edilməsində bilik və bacarıqların artırılması məqsədilə qarşılıqlı əlaqələrin artırılmasının vacibliyi və əhəmiyyəti, ən yaxşı təcrübənin öyrənilməsi və sairə məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə