SİYASƏT
Beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Milli Məclisin deputatı Könül Nurullayeva Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən ən son hadisələr, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bəzi beynəlxalq təşkilatları məlumatlandırıb. Deputat Sülh və Tolerantlıq üzrə Dünya Konsulluğunun prezidenti Al-Jarvana adıçəkilən təşkilatın ilk azərbaycanlı üzvü kimi rəsmi məktub ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubunda deputat dünyada sülhün və tolerantlığın bərqərar olmasına çalışan bu təşkilata Dağlıq Qarabağ həqiqətləri haqqında, erməni təxribatları və humanitar atəşkəs zamanı baş verən müharibə cinayətləri barədə məlumat verib. Eyni mövzuda, məktub Qadın Siyasətçi Liderləri təşkilatının prezidenti Koç-Mehrinə də ünvanlanıb. Həmin təşkilatın Azərbaycan üzrə səfiri Könül Nurullayeva Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən ən son hadisələrə, erməni təxribatlarına diqqət çəkib. Münaqişə nəticəsində mülki şəxslərin, eyni zamanda, qadınların da ziyan çəkdiyi və həlak olduğu diqqətə çatdırılıb.
K.Nurullayevanın İslam Həmrəylik İdman Federasiyasının İcraçı İdarə Heyətinin üzvü kimi təşkilatın prezidenti, Şahzadə Əbdüləziz Əl Sauda ünvanladığı məktubda isə bildirilir: “İdman təşkilatlarının siyasətdən uzaq olmasına baxmayaraq, ümid edirəm ki, bu gün Dağlıq Qarabağ münaqişəsi və haqq səsimizin bütün mümkün platformalarda eşidilməsi üçün dəstəyinizi əsirgəməyəcəksiniz. Müraciətimizi nəzərə alacağınıza və Qarabağ həqiqətlərini İslam və idman aləminə çatdıracağınıza inanıram”.