CƏMİYYƏT
Bəzi müəssisələrdə indiyədək tullantı sularının təmizlənməsi üçün qurğular quraşdırılmayıb
Bakı, 8 aprel, AZƏRTAC
Xəzər dənizinin şimaldan cənubadək sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərində və müəssisələrdə keçirilən monitorinqlər zamanı sənaye və məişət tullantı sularının dənizi çirkləndirdiyi bir daha təsdiqlənib. Şimal bölgəsində “Qafqaz” konserv zavodunda, “Sunset”, “Məkan”, “Təbib” istirahət mərkəzlərində, Abşeron yarımadasında “Azərboru” ASC-nin kollektorunda, Gəmi təmiri zavodunda, cənub bölgəsində isə “Beluqa”, “Xəzər palace”, “Meduza” istirahət-xidmət yerlərində hələ də günün tələblərinə cavab verməyən primitiv təmizləyici qurğulardan istifadə olunur. Bəziləri isə tullantı sularının təmizlənməsi üçün müvafiq qurğular quraşdırmayıblar. Yaxşı olardı ki, belə müəssisələr müasir tələblərə cavab verən təmizləyici qurğular quraşdıraraq Xəzər dənizinin çirklənməsinin qarşısını alsınlar. Həmçinin təmizlənmiş suyu texniki məqsədlər üçün təkrar istifadəyə yönəldərək suya qənaət edilməsinə töhfə versinlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.
Nazirlik rəsmisi monitorinqlərin nəticələrinə əsasən ekoloji normalara cavab verməyən və Xəzər dənizini çirkləndirməkdə davam edən müəssisələrə qarşı müvafiq tədbirlərin görüləcəyini də diqqətə çatdırıb.