REGİONLAR
Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
Biləsuvar, 7 noyabr, Mahir Babayev, AZƏRTAC
Noyabrın 7-də Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri rayonun Əliabad kəndində Milli Qəhrəmanın evini ziyarət edərək, ailəsi ilə görüşüblər.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq deyib: “Mübariz qısa ömür yaşasa da, canını Vətən uğrunda fəda etməsi ilə özündən sonra böyük qəhrəmanlıq məktəbi qoydu. İndi hər bir azərbaycanlı onunla fəxr edir”.
Qeyd olunub ki, Mübariz 2010-cu il iyunun 18-də xidmət etdiyi cəbhənin Talış-Borsunlu istiqamətində düşmənin qərargahına girərək, əsl cəngavər kimi beş saat təkbaşına döyüşüb. Ermənilər əvvəlcə elə zənn ediblər ki, onlara qarşı Azərbaycan Ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində ağır itkilər verir. Düşmən bir neçə saat davam edən döyüşə əlavə qüvvə cəlb edib. Amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olub. Nəşi düşməndən alınaraq, 2010-cu il noyabrın 7-də onunla vida mərasimi keçirilib.
Diqqətə çatdırılıb ki, Mübariz İbrahimovda olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaldıb. O, öz şərəfli ölümü, qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən, torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə Mübariz İbrahimov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Mübariz İbrahimov ölümün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi. O, bu şücaəti ilə Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir gənc Mübarizin qəhrəmanlığından örnək alır, nümunə götürür. Təhsil müəssisələrimizdə şagirdlərimizə Mübariz vətənpərvərliyi aşılanır, hərbi xidmətə yola salınan gənclərimizə Vətəni necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Anım gününün iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşəyə baxıblar.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən inşa olunacaq Mübariz İbrahimovun xatirə muzeyinin tikiləcəyi əraziyə baxış keçirilib.