REGİONLAR
Biləsuvarda gənclərlə onlayn görüş keçirilib
Biləsuvar, 18 fevral, Mahir Babayev, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Biləsuvar nümayəndəliyinin birgə təşəbbüsü ilə narkotik vasitələrin zərərləri və erkən nikahın yaratdığı problemlər barədə rayon gəncləri ilə maarifləndirici onlayn görüş keçirilib.
Görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cənub regionu üzrə nümayəndəliklərinin rəhbərləri ilə birgə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis-mayoru Elşad Hacıyev də iştirak edib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, görüşdə GİKM-nin Biləsuvar nümayəndəliyinin direktoru Səbinə Hüseynzadə çıxış edərək bildirib ki, Azərbaycanın gələcəyi olan gənclərimizin sağlam ruhda böyüməsi üçün onlar birinci növbədə zərərli vərdişlərdən, bəşəriyyətin bəlasına çevrilən narkomaniyadan, erkən nikahdan uzaq olmalıdırlar.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev qeyd edib ki, narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Narkomaniya qlobal təhlükəsizliyə, cəmiyyətin inkişafına maneə törədən ən ciddi problemlərdən biridir. Gənclərimiz bu zərərli vərdişlərdən uzaq durmalıdırlar.
Görüşdə erkən nikahın yaratdığı fəsadlardan da bəhs olunub. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. Uşaqların nikaha daxil olması insan hüquqlarının pozulmasıdır.
Gənclər tərəfindən ünvanlanan sualları cavablandıran E.Hacıyev müstəqil dövlətimizin gələcəyi olan gənc nəslin hərtərəfli inkişaf etdirilməsi, onların sağlam düşüncəli, vətənpərvər gənclər kimi yetişməsi üçün hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının əlindən gələni əsirgəməməli olduğunu diqqətə çatdırıb.