REGİONLAR
Biləsuvarda gün ərzində 100-110 hektar taxıl sahəsinin məhsulu yığılır
Biləsuvar, 29 may, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda fərdi fermer təsərrüfatlarında taxıl biçininə başlanılıb və qısa müddətdə 1449 hektarda biçin aparılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 30 sentnerə çatır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ilin payızında cari ilin məhsulu üçün 29 min 638 hektar sahədə taxıl əkilib. Bunun 14 min 185 hektarı arpa, 15 min 452 hektarı isə buğdadır. Ötən il hər hektar taxıl sahəsindən 28 sentner məhsul götürən torpaq mülkiyyətçiləri bu il bu nəticəni artırmaq üçün sahələrə nümunəvi qulluq göstəriblər. Nəticədə taxıl sahələrində bol məhsul yetişib.
Bir neçə gündür ki, zəmilərdə yetişmiş məhsulun yığımına başlanılıb. Biçin ilk olaraq arpa sahələrində aparılır. Rayonda yığım kampaniyasını vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub, əsas diqqət məhsulun itkisiz yığılmasına yönəldilib.
Bu məqsədlə sahələrə 52-yə yaxın kombayn çıxarılıb, 150-dən çox maşın və mexanizm işə cəlb olunub. Hər gün 100-110 hektar arpa sahəsinin məhsulu yığılır. Mütəxəssislərin fikrincə, bu il rayonda təxminən 90 min ton məhsul istehsal etmək mümkün olacaq.
Qeyd edək ki, ötən il rayonda 83 min ton taxıl yığılıb və hər hektarın məhsuldarlığı 28 sentner olub.