REGİONLAR
Biləsuvarda süni mayalanma yolu ilə 591 baş buzov alınıb
Biləsuvar, 5 dekabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 4 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrdə mütəxəssislər tərəfindən mayalanma aparılan 1288 inək və camışdan cins tərkibi yaxşılaşdırılmış 591 baş bala alınıb. Süni mayalanma yol ilə alınan buzovlara görə maldarlara 59 min 100 manat subsidiya ödənilib.
Qeyd edək ki, ötən il süni mayalanma aparılmış 1523 baş inək və camışdan 592 buzov alınıb.