REGİONLAR
Biləsuvarda taxıl sahələrinin biçini uğurla davam edir
Biləsuvar, 19 iyun, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda taxıl biçini uğurla davam edir. Fermerlər məhsul yığımını qısa müddətdə və itkisiz başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il biləsuvarlı taxılçılar 33 min 298 hektar sahədə taxıl becəriblər. Bunun da 17 min 995 hektarını arpa, 15 min 303 hektarını buğda sahəsi təşkil edir. Cari təsərrüfat ilində bitkiyə aqrotexniki qaydada qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Məhsul yığımına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə arpa biçinini başa çatdırıblar. Fermerlər biçin apardıqları 17 min 995 hektar sahədən 57 min 623 ton arpa götürüblər. Hazırda məhsul istehsalçıları buğda sahələrinin məhsulunu yığırlar. Bu günədək biçin aparılmış 4 min 10 hektar buğda zəmisindən 14 min 35 ton məhsul götürülüb. Hər hektardan orta hesabla 35 sentner məhsul yığılır. Ayrı-ayrı fərdi təsərrüfatlarda isə məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub. Fermer Telman Əliyev becərdiyi 48 hektar taxıl sahəsinin hər hektarından 56 sentner məhsul götürərək digər torpaq mülkiyyətçilərindən fərqlənib.
Rayonda taxıl biçini sürətlə davam edir.
Qeyd edək ki, hazırda Biləsuvarın taxıl zəmilərində 64 kombayn işləyir.