REGİONLAR
Biləsuvarda üç narkotacir saxlanılıb
Biləsuvar, 24 iyun, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayonunun Əliabad kənd sakini R.Qasımov polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.
Onun üzərindən 123 qramdan çox heroin, 200 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Biləsuvar rayon sakinləri P.Ağayev və E.Rüstəmov saxlanılıblar. P.Ağayevin üzərindən qurudulmuş marixuana, E.Rüstəmovdan isə heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.