REGİONLAR
Biləsuvarda yol tikintisinə 5,2 milyon manat ayrılıb – SƏRƏNCAM
Bakı, 3 avqust, AZƏRTAC
Prezident İlham Əliyev “Biləsuvar rayonunun Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,2 milyon (beş milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.