Biləsuvarlı fermerlər təsərrüfatlarında müasir suvarma sistemləri tətbiq edirlər FOTO VİDEO
AzerTAg.az
Biləsuvar, 5 may, İsmayıl Cəfərli, AZƏRTAC
Son illər dövlət dəstəyinin genişlənməsi nəticəsində aqrar təsərrüfatlarda müasir suvarma sistemlərinin tətbiqinə maraq artıb. Əkinləri xüsusilə vegetasiya dövründə quraqlıqla üz-üzə qalan biləsuvarlı fermerlər artıq bu problemdən çıxış yolunu sahələrdə baraban tipli çiləmə maşınlarının - tamburlu suvarma sisteminin tətbiqində görürlər.
AZƏRTAC xəbər verir ki, qlobal iqlim dəyişikliyi fonunda havanın orta temperaturunun son illərdə artması, yağıntıların miqdarının isə azalması ölkəmizdə də su təchizatında ciddi problemlər yaradır, xüsusilə payızlıq əkinlərin vegetasiya dövründə quraqlıq müşahidə olunur. Bu isə bitkilərə düzgün aqrotexniki qulluq etməyə imkan vermir, nəticədə ciddi fəsadlar törətməklə, məhsuldarlıq aşağı düşür.
Hər il təkcə payızlıq əkinlər üzrə 30 min hektardan artıq buğda və arpa bitkisinin əkildiyi Biləsuvar rayonunda fermer və sahibkarlar vəziyyətdən çıxış yolunu müasir suvarma sistemlərinin tətbiqində görürlər. Fermer Rafiq Bədəlov ötən ildən lizinq yolu ilə müasir suvarma sistemi alıb və bu yeniliyi təsərrüfatında tətbiq edib: “Yeni qurğunu payızda almışam. Suya 70 faiz qənaət edir, məhsuldarlığı 30 faiz artırır. Digər özəlliyi isə ondadır ki, sahədə kanal çəkilmir, 100 faiz çıxış alınır”.
Qurğunun su sərfiyyatı norması 1 hektar üçün 500-1000 kubmetr arasıdır. Bir dəfəyə sahə boyunca 54 metr enində, 530 metr uzunluqda ərazini, yaxud birbaşa 3 hektara yaxın sahəni suvarmaq mümkündür.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi Gülağa Qurbanov bildirib ki, fermerlərə görüş zamanı müasir suvarma sistemlərinin tətbiqi təbliğ olunur. “Bu işlər öz nəticəsini verir. Hazırda üçüncü fermerdir ki, tamburlu su qurğusundan istifadə edir. Bu, həm vaxta, həm də suya qənaət deməkdir. Həmçinin bitkinin inkişaf fazasına vaxtında suyun verilməsini təmin edir. Bu qurğu ilə maraqlanan fermerlər bizə müraciət edə bilərlər. Qurğuların aqrolizinq yolu ilə əldə olunmasına kömək göstərəcəyik”.
Qeyd edək ki, bu tip suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödənilir. Fermerlər bu ildən müasir suvarma sistemi quraşdırılmasına görə ödənişləri “Fermer kartı”na köçürülmüş subsidiya məbləği hesabına da nağdsız şəkildə ödəyə biləcəklər.









Xəbərin mətnində orfoqrafik səhv var