ELM VƏ TƏHSİL
Bilik Fondu Brayl üsulu ilə hekayələr kitabı nəşr etdirib
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində tədbir keçirilib. Tədbirdə Bilik Fondunun əməkdaşları Xatirə Hüseynova, Ramilə Qurbanlı, Abbas Əliyev, uşaq yazarları Reyhan Yusifqızı, Sevinc Elsevər, “Brayl nəşrləri” İnformasiya Resurs Mərkəzinin rəhbəri Mais Muradov iştirak ediblər.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə internatın direktoru İradə Vəzirova sağlamlıq imkanları məhdud gənclərin xüsusi istedadlarından, onlara göstərilən dövlət qayğısından danışıb. Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova təmsil etdiyi qurumun maarifləndirici layihələrindən, gənclərə və yeniyetmələrə yaradılan şəraitdən söz açıb. O, internatda təhsil alan uşaqlar üçün Fondun dəstəyi ilə Brayl üsulu ilə nəşr olunmuş hekayələr kitabını təqdim edib.
Kitabda uşaq yazarları Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Aygün Bünyadzadə, Mina Rəşid, Sevinc Elsever və Mehriban Nağıyevanın bir-birindən maraqlı kiçik hekayələri toplanıb. Nəşrə ARB Aran Yaradıcılıq Mərkəzinin hazırladığı audiodisk də əlavə olunub. Hekayələri yazarlar özləri səsləndiriblər.
Reyhan Yusifqızı və Sevinc Elsevər balacalara mütaliənin faydaları, ədəbiyyatın uşaqların dünyagörüşünün inkişafında rolu barədə danışıblar.
İnternatda təhsil alan gözdən əlil uşaqlar arasında şeir və rəsm üzrə keçirilmiş müsabiqənin qaliblərinə Bilik Fondunun hədiyyələri və diplomlar verilib. İnternatın kitabxanasına və 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə Brayl üsulu ilə nəşr olunan “Hekayələr” kitabı hədiyyə olunub.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, internat məktəbinin şagirdləri kompozisiyalar təqdim ediblər.