ELM VƏ TƏHSİL
Bilik Fondu maşınqayırma zavodunda maarifləndirici tədbir təşkil edib
Bakı, 22 may, AZƏRTAC
Ölkəmizdə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə növbəti tədbir keçirilib.
“Suraxanı Maşınqayırma Zavodu” TASC-da keçirilən tədbirdə çıxış edən Bilik Fondunun lektorlar qrupunun üzvü, “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını xatırladıb.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, çətin və ağır şəraitdə - 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin imzalanmasına diqqət yönəldən A.Aşırlı Cümhuriyyətin 23 aylıq şanlı tarixindən danışıb. Milli ordu quruculuğu, parlamentin və medianın fəaliyyəti, hüquq mühafizə sisteminin yaradılması, təhsildə aparılan milliləşmə proqramlarını şərh edən məruzəçi bu şərəfli tarixin dövlətçiliyimizdə böyük önəm daşıdığını deyib: “Yoxdan var olan üçrəngli müqəddəs bayrağı bizə ərməğan qoyan M.Ə.Rəsulzadə, F.Xoyski, N.Yusifbəyli, Ə.Topçubaşov, S.Mehmandarov və digər Cümhuriyyət qurucularının xatirəsi hər zaman əzizdir. Onların ruhu bu gün şaddır. Artıq 27 ildir ki, Azərbaycan müstəqildir, istiqlalını qoruyur, müstəqil siyasət həyata keçirir, beynəlxalq aləmin bərabərhüquqlu üzvüdür”.
İcra hakimiyyətinin Yeni Suraxanı qəsəbə nümayəndəliyinin aparıcı mütəxəssisi Rəfiqə Məmmədova da tarixi hadisə barədə düşüncələrini bölüşüb.
Tədbir müzakirələrlə davam etdirilib. Mühazirəçi iştirakçıların suallarını cavablandırıb.