CƏMİYYƏT


Binəqədi məktəblilərinə birinci Avropa Oyunları barədə ətraflı məlumat verilib

Bakı, 17 aprel, AZƏRTAC

Binəqədi rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri üçün “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

Rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva mərasimdə çıxış edərək tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinin Bakıya həvalə olunmasının əhəmiyyətini vurğulayıb. O, bu barədə qərarın qəbul edilməsinə Azərbaycanın bütün dünyada idman dövləti kimi tanınmasının və idmançılarımızın beynəlxalq arenalarda uğurlarının sayının ildən-ilə daha da artmasının səbəb olduğunu söyləyib. A.Əliyeva Azərbaycanın bu beynəlxalq idman tədbirini yüksək səviyyədə keçirməyə hazır olduğunu bildirərək Oyunların proqramına daxil olan atıcılıq və dağ velosipedi yarışlarının Binəqədi rayonunda təşkil ediləcəyini deyib.

Tədbirin təşkilinə görə Binəqədi Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirən ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) korporativ direktoru Elçin Səfərov “Bakı-2015”in Azərbaycanın tarixində mühüm məqam olduğunu qeyd edib. O, Oyunların təşkilinin digər sahələrin də inkişafına böyük təkan verəcəyini, qazanılacaq təcrübənin gələcəkdə mühüm yarışlara ev sahibliyi etmək üçün şərait yaradacağını vurğulayıb.

“Azəryol” voleybol klubunun direktoru Zöhrab Gözəlbəyli çıxışında ilk Avropa Oyunlarının əhəmiyyətindən danışaraq voleybolçularımızın Oyunlara hazırlıq prosesindən danışıb.

Əməliyyat Komitəsinin əməkdaşı Lalə Eyvazova təqdimatla çıxış edərək məktəblilərə keçiriləcəyi qurğular, idman növləri, iştirakçı ölkələr və s. barədə ətraflı məlumat verib.

Tədbirdə ilk Avropa Oyunlarının rəmzləri - Ceyran və Nar məktəblilərin böyük marağına səbəb olub.

Sonra şagirdlərlə sorğular keçirilib, kişilər arasında voleybol üzrə son ölkə çempionatının ikincisi olmuş “Binəqədi” komandası ilə “BEGOC” yığmasının dostluq görüşü təşkil olunub. Qarşılaşmanın nəticəsinə əsasən, “Binəqədi” komandası 15:7 və 15:11 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

Hər iki komandanın üzvləri təşkilatçılar tərəfindən mükafatlandırılıb, məktəblilərə xatirə hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.