CƏMİYYƏT
Binəqədi rayonunda 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd edilib
Bakı, 2 fevral, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, rayon gənclər və idman idarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının gənclər birliyi və 6 nömrəli Uşaq-Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev gənclərə təbriklərini çatdıraraq, hazırda ölkəmizdə vətənpərvər və yüksək intellektli gənclərin yetişdiyini bildirib. O, bu gün Azərbaycan dövlətinin gənclərin gücünə inandığını və onların inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edib. C.Hacıyev ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini deyib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov 2 fevral - Azərbaycan Gəncləri Gününün əhəmiyyətindən danışaraq, bu günün Ulu Öndərimizin gənclərə hədiyyəsi olduğunu diqqətə çatdırıb. Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində yüksək fəallıqları ilə seçildiklərini deyən R.Abbasov onların fəaliyyəti üçün hər cür şəraitin yaradılmasının, layihə və təşəbbüslərinin dəstəklənməsinin daim diqqət mərkəzində olduğunu qeyd edib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ulu öndər Heydər Əliyevin gənclərə daim yüksək qayğı ilə yanaşdığını, onların inkişafını diqqət mərkəzində saxladığını bildirib. Hazırda bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini deyən X.İsgəndərov bildirib ki, bu gün ölkəmizdə yetişən sağlam, vətənə və dövlətə sadiq Azərbaycan gəncliyi respublikamızın inkişafında, ictimai-siyasi həyatda fəal rol oynayır, bu prosesə layiqli töhfə verirlər.
Çıxışlardan sonra “Master-2” layihəsi çərçivəsində Binəqədi rayonunda təcrübə müddətini uğurla başa vuran “ASAN könüllüləri”nə sertifikatlar təqdim edilib.
Tədbir rayonun istedadlı gənclərinin və incəsənət xadimlərinin ifasında bədii hissə ilə davam edib.