ORDU
Binəqədi rayonunda çağırışçı gənclər həqiqi hərbi xidmətə yola salınıblar VİDEO
Bakı, 5 aprel, Məhərrəm Əlioğlu, AZƏRTAC
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına uyğun olaraq, aprelin 1-dən ölkəmizdə başlayan növbəti həqiqi hərbi xidmətə çağırış davam edir.
AZƏRTAC xəbər verir ki, aprelin 5-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Milli Qəhrəmanlar parkında gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar Azərbaycanın Milli qəhrəmanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Hərbi xidmətə yola salınan gəncləri təbrik edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi, polkovnik-leytenant Novruz Rəhimov Ali Baş Komandan İlham Əliyevin gənclərin hərbi xidmətə çağırışı ilə bağlı müvafiq Sərəncamının icrası istiqamətində rayonda görülən işlərdən danışıb.
N.Rəhimov bu cür tədbirlərin keçirilməsində əsas məqsədin gənclərin hərbi xidmətə həvəsləndirilməsi və onların mənəvi-psixoloji durumunun yüksəldilməsi olduğunu deyib: “Bu gün hərbi xidmətə yola düşən gənclər gündən-günə gücünü, qüdrətini artıran, müasir silahlarla təchiz olunan Silahlı Qüvvələrimizin sıralarında ləyaqətlə xidmət edəcək, Azərbaycan əsgərinin aprel döyüşlərində göstərdiyi igidlik, qəhrəmanlıqla dolu ənənələri uğurla davam etdirəcəklər”.
O, Vətənin keşiyini çəkmək üçün ordu sıralarına yollanan gənclərə uğurlar arzulayıb. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən söhbət açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışıb. O, əsası ulu öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Binəqədi rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev yeniyetmə və gənclərin Vətənə sədaqət ruhunda böyümələri, onlarda dövlət və Vətən qarşısında vəzifələrinin layiqincə yerinə yetirilməsi sahəsində məsuliyyətin artırılması nöqteyi-nəzərindən belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etməyə hər an hazırdır. Aprel döyüşləri zamanı biz bir daha bunun şahidi olduq.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli də çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər.
Şəhid ataları Seyfəddin Qurbanov və İmran Bağırov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan bütün oğul və qızlarımızın xatirəsinin xalqımızın qəlbində yaşayacağını vurğulayıblar.
Valideynlər övladlarını hərbi xidmətə yola salmaqdan qürur hissi keçirdiklərini söyləyib, çağırışçılara Vətənin keşiyində möhkəm dayanmaqla bağlı tövsiyələrini veriblər.
Hərbi xidmətə yola salınan gənclər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarını bildiriblər.
Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, Xalq Artisti Mübariz Tağıyevin ifasında vətənpərvərlik ruhunda mahnılar ifa edilib.
Sonra gənclər müqəddəs “Qurani-Kərim”ə və dövlət bayrağına ehtiramlarını bildirərək, yüksək əhval-ruhiyyə ilə hərbi hissələrə yola düşüblər.