CƏMİYYƏT
Binəqədi və Abşeron rayonlarında qətl törədən şəxslər tutulublar
Bakı, 29 noyabr, AZƏRTAC
Binəqədi və Abşeron rayonlarında qətl törədən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 28-də saat 23 radələrində Binəqədi rayonunun S.S.Axundov küçəsində naməlum şəxs münaqişə zəminində Qəbələ rayon sakini Pərvanə İsmayılovaya bıçaqla xəsarət yetirib və yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Qəsdən adam öldürməkdə şübhəli bilinən Ucar rayon sakini S.Əzizov polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisindəki restoranların birində isə Müşfiqabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Gərayev münaqişə zəminində tapançadan açdığı atəşlə Bakı şəhər sakini, əvvəllər məhkum edilmiş Kamran Xəlilovu qətlə yetirib. O.Gərayev polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Faktlarla bağlı müvafiq olaraq Binəqədi və Abşeron Rayon prokurorluqlarında araşdırma aparılır.