CƏMİYYƏT
Binəqədi və Suraxanı rayonlarında 20-dən çox binada liftlərin ehtiyat hissələrini oğurlayan dörd nəfər saxlanılıb VİDEO
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakıda çoxmərtəbəli binaların liftlərinin ehtiyat hissələrini oğurlayan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən bir neçə əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Taleh Rəşidov və əmisi oğlu Samir Rəşidov saxlanılıblar. Onlarla bağlı həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxsin bu ilin may-sentyabr aylarında paytaxtın Binəqədi rayonunda yerləşən 21 çoxmərtəbəli binanın liftlərinin akkumulyatorlarını və əyləc dolaqlarını oğurladıqları məlum olub. Taleh və Samir Rəşidovlar ifadələrində oğurladıqları ehtiyat hissələrini paytaxt ərazisindəki müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını bildiriblər.
Həmin metal qəbulu məntəqələrinin də sahiblərinin şəxsiyyətləri müəyyənləşdirilib və onlar istintaqa cəlb ediliblər. Oğurlanan və metal qəbulu məntəqələrinə satılan liftlərin ehtiyat hissələrinin bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Taleh və Samir Rəşidovların oğurluq etdikləri binaların liftlərinə ümumilikdə 25 min manata yaxın maddi ziyan vurduqları məlum olub.
Suraxanı rayonunda da liftlərin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Hövsan qəsəbəsində həmin oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Böyükağa Hüseynov və qardaşı Nicat tutularaq istintaqa təqdim ediliblər. Onların ümumilikdə qəsəbə ərazisində binaların liftlərinə üç min manata yaxın maddi ziyan vurduqları məlum olub.
Saxlanılan zaman qardaşların üzərindən narkotik vasitələr də aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Binəqədi və Suraxanı Rayon Polis idarələrində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə müraciət edərək bildirir ki, fəaliyyətlərini qanunvericiliyinə uyğun şəkildə qursunlar. Oğurluq və ya qeyri-qanuni yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, belə hallarla rastlaşdıqda dərhal ərazi polis orqanlarına və ya 102 - Zəng Mərkəzinə məlumat versinlər.