CƏMİYYƏT
Binəqədidə “Beynəlxalq sülhün təmini hüquqi müstəvidə” mövzusunda tədbir keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Beynəlxalq sülhün təmini hüquqi müstəvidə” mövzusunda tədbir keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin fəallarının iştirakı ilə təşkil edilən tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Rauf Həsənov bildirib ki, 21 sentyabr əksər ölkələrdə Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə respublikamızda avqustun 21-dən sentyabrın 21-dək sülh aylığı elan olunur və müxtəlif tədbirlər keçirilir.
Diqqətə çatdırılıb ki, idman könüllüləri ilə birgə təşkil edilən tədbirin keçirilməsinin məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.6-cı (Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərini təbliğ edən layihələrin həyata keçirilməsi) yarımbəndinin icrası ilə bağlıdır.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq elmləri doktoru İsaxan Vəliyev “Beynəlxalq sülhün təmini hüquqi müstəvidə” mövzusunda məruzə ilə çıxış edib. Professor məruzəsində Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində daim sülhün təbliğatçısı və regionda sülhün təminatçısı olduğunu bildirərək sülh mövzusunun ərazisinin 20 faizi işğal edilən, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkünə çevrilən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, müxtəlif sahələrdə sülhün və əmin-amanlığın təminatçısı kimi Azərbaycan gənclərinin, o cümlədən könüllülərin üzərinə böyük məsuliyyət düşür.
Tədbirdə vurğulanıb ki, son illər ölkəmizdə təşkil edilən mötəbər beynəlxalq mədəni tədbirlərdə və idman yarışlarında gənclərin könüllü olaraq yaxından iştirakı könüllülük fəaliyyətinin gənclər arasında geniş yayılmasına və Azərbaycanın beynəlxalq müstəvidə imicinə müsbət təsir edir.