CƏMİYYƏT
Binəqədidə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücülər aşkarlanıb VİDEO
Bakı, 26 sentyabr, AZƏRTAC
Binəqədi rayonunda gecə saatlarında əhalinin dincliyini pozan, piyadalar üçün təhlükə yaradan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən bir qrup sürücü Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların bir neçəsi 6-cı mikrorayon, Cavadxan küçəsində yerləşən parkın, digərləri həmin əraziyə yaxın küçələrdə aşkarlanaraq inzibati məsuliyyətə cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, saxlanılan “Porsche” və “Niva” markalı avtomobillərdən qadağan olunmuş səs siqnalları, kustar üsulla hazırlanan tünd pərdələr aşkarlanıb. Həmçinin “Niva” markalı avtomobillərin yük yerlərindən nəqliyyat vasitələrinin ön hissələrinin yuxarı qalxması üçün istifadə edilən qum kisələri də aşkar edilib.
Qeyd edək ki, avtoxuliqanlıq edən sürücülər barəsində Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsində toplanan materiallar qərar qəbul edilməsi üçün məhkəmələrə göndərilib.
Bundan əlavə, rayonda yükdaşıma qaydalarını pozan, istismar müddətini başa vurmuş, həmçinin yükləri açıq şəkildə təhlükəli vəziyyətdə daşıyan iyirmiyə yaxın yük maşını da cərimə meydançasına yerləşdirilib. Araşdırma zamanı yük maşınlarını idarə edən şəxslərdən birinin sürücülük hüququnun altı ay müddətinə məhdudlaşdırıldığı da məlum olub.
Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər də aparılıb, sükan arxasında məsuliyyətli olmağın vacibliyi vurğulanıb. Binəqədi, eləcə də paytaxtın digər rayonlarında da analoji tədbirlər bundan sonra da davam etdiriləcək.