ELM VƏ TƏHSİL
Biologiya və tarix fənləri üzrə imtahan tapşırıqlarına dair müzakirələr aparılıb
Bakı, 19 noyabr, AZƏRTAC
Biologiya fənni üzrə iclasın gündəlik məsələsi 2020-ci il avqustun 20-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodik baxımdan təhlili olub.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, iclasda 12 qapalı tipli tapşırığın (1-12 saylı) hər biri aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib.
İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.
Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.
Statistik göstəricilər əsasında aparılmış bu müzakirədə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.
Tarix fənni üzrə iclasın gündəlik məsələsi 2021-ci il qəbul imtahanlarında II-III ixtisas qrupları üçün imtahan modelinin elmi-metodik baxımdan müzakirəsinin davamı olub.
İmtahan modeli üçün müzakirəyə təqdim olunan hər bir tapşırıq mövzu, mürəkkəblik dərəcəsi, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib.
İşçi qrupunun üzvləri müzakirə edilən məsələ ilə bağlı fikirlərini bildirib və təkliflər veriblər.
Noyabrın 26-da keçiriləcək iclaslarda müzakirələr davam etdiriləcək.