REGİONLAR
Birinci rübdə Füzulidə iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələr qazanılıb
Füzuli, 20 aprel, AZƏRTAC
Füzuli rayonunda 2018-ci ilin birinci rübündə ümumi məhsul buraxılışının həcmi 25.979,7 min manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 2434,3 min manat investisiya qoyulub. 2424,5 min manatlıq tikinti-quraşdırma işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Horadiz şəhərində 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin hesabat məruzəsində bildirilib ki, birinci rübdə rayonda iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələr qazanılıb, tikinti-quruculuq işləri davam etdirilib. “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə abidə kompleksi inşa olunub. Hazırda Horadiz şəhərində Bayraq Muzeyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin rayon şöbəsi üçün inzibati binanın, Bala Bəhmənli kəndi ərazisində rayon mərkəzi xəstəxanasının tikintisi davam etdirilir.
Yığıncaqda aqrar sahədə görülən işlərdən bəhs edilərkən diqqətə çatdırılıb ki, dövlət başçısının respublikada ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıqlarına uyğun olaraq 2018-ci ildə rayonda 2100 hektarda pambıq becərilməsi nəzərdə tutulub. Səpin aparılacaq sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. Hazırda çiyid səpini uğurla aparılır.
Hesabat dövründə, həmçinin 102 hektarda kartof, 414 hektarda şəkər çuğunduru əkilib, 579,9 ton ət, 6901 ton süd, 5095 min ədəd yumurta istehsal olub.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və xidmət sahələrində görülmüş işlər təhlil olunub, uğurlarla yanaşı, mövcud problem və çatışmazlıqlar da göstərilib, qarşıda duran vəzifələr müəyyən edilib.