ELM VƏ TƏHSİL


Birinci sinfə qəbul üzrə 45 min 395 sorğu yerləşdirilib

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-nə (saat 09:30) olan məlumata görə, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 45 395 sorğu yerləşdirilib. Onlardan 42 min 599-u ümumi təhsil məktəblərini, 2 min 796-sı isə lisey və gimnaziyaları seçib. 2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da elektron formada aparılır.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmini, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.