DÜNYA
Birləşmiş Ərəb Əmirlikləri Venera planetini tədqiq etmək üçün kosmik missiya göndərəcək
Qahirə, 5 oktyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökuməti Venera və Günəş sistemində asteroid kəmərinin tədqiqi məqsədilə kosmik missiya göndəriləcəyini açıqlayıb. Bu barədə rəsmi “Emirates” agentliyi məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, BƏƏ hökumətinin yeni layihəsində kosmik zondun Veneranın ətrafındakı asteroidlərdən birinə enməsi nəzərdə tutulur. Dubay Əmiri Məhəmməd bin Rəşid özünün tviter səhifəsində yazıb ki, kosmik tədqiqatlar üzrə ərəb dünyasında lider olan BƏƏ kosmosda elmi tədqiqatlar, həmçinin Günəş sisteminin daha geniş öyrənilməsinə öz töhfəsini vermək istəyir.
BƏƏ-nin Marsın tədqiqi üçün kosmosa buraxdığı “Hope” zondu bu ilin fevralında qırmızı planetin orbitinə daxil olub və məlumatları, fotoşəkilləri Yerə göndərib. Növbəti Venera kosmik missiyası isə asteroidlər arasında 3,6 milyard kilometr məsafə qət edilməsini nəzərdə tutur. Venera ilə Yer arasında məsafə 128 milyon kilometrdir ki, bu da Marsdan iki dəfə azdır. Bu planet Yerə ən yaxındır və ilk dəfə 1962-ci ildə NASA-nın “Mariner” kosmik missiyası tərəfindən tədqiq olunub. Sonradan bir neçə sovet kosmik zondu onun səthinə ensə də, orada olan yüksək hava təzyiqi və 475 dərəcə Selsiyə çatan temperatur nəticəsində planetdə qalmaq mümkün olmayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə