Birləşmiş Ərəb Əmirliyi Azərbaycan ilə idman sahəsində əlaqələri inkişaf etdirmək istəyir
AzerTAg.az
Bakı, 26 yanvar (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar Dubayın Gənclər və İdman Nazirliyinin Marketinq İdarəsinin rəisi, Əl-Əhli idman klubunun meneceri Əli Dərvişlə görüşmüşdür.
“Azərbaycan” Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycanda idmanın inkişafı, Prezident İlham Əliyevin idmana göstərdiyi qayğı sayəsində ölkə idmançılarının qazandıqları uğurlar barədə ətraflı məlumat verilmişdir.
Azərbaycanda idmanın ildən-ilə daha da inkişaf etdiyini bildirən Samir İmanov son illər ərzində ölkə idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda 5 mindən artıq medal qazandıqlarını, Olimpiya Oyunlarında isə 4 qızıl, 3 gümüş və 9 bürünc medal əldə etdiklərini diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, müasir Olimpiya və digər idman komplekslərinin inşa edilməsi sayəsində Azərbaycan mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Qeyd olunmuşdur ki, Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatları, eləcə də 2012-ci ildə futbol üzrə qadınlar arasında dünya çempionatı keçiriləcəkdir.
Cəmiyyətin rəhbəri Dubayın Gənclər və İdman Nazirliyinə Azərbaycan idmanının uğurları haqqında kitab və jurnallar təqdim etmişdir.
Samir İmanov görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verərək, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün taleyi yaşadığını da diqqətə çatdırmışdır. O, Dubayın Gənclər və İdman Nazirliyinə, həmçinin Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” toplusunu, “Erməni terroru” kitabını təqdim etmişdir.
Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin durduğunu qeyd edən S.İmanov nazirliyə küveytli yazıçı Adil Əl-Fəllahın ərəb dilində yazdığı “Heydər Əliyev və milli mənəvi dəyərlər” kitabını, Azərbaycan xalçasını, xəritəsini, xalqımızın zəngin maddi və mədəni irsindən bəhs edən ərəb dilində nəşr olunmuş müxtəlif kitab və jurnallar hədiyyə etmişdir.
Dubay Əmirliyinin Gənclər və İdman Nazirliyi Marketinq İdarəsinin rəisi, Əl-Əhli idman klubunun meneceri Əli Dərviş BƏƏ-nin idman sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat vermiş, Azərbaycan ilə idman sahəsində əlaqələrin daha sıx inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var