DÜNYA
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin, müşahidəçi və tərəfdaş dövlətlərin biznes forumu keçirilib
Bişkek, 17 may, AZƏRTAC
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan ölkələrin, müşahidəçi və tərəfdaş dövlətlərin iştirakı ilə “ŞƏT: əməkdaşlığın sərhədlərini genişləndirərək” adlı biznes forum keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə üzv ölkələr - Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan və Hindistanın, müşahidəçi dövlətlər - Belarus, İran, Əfqanıstan və Monqolustan, o cümlədən tərəfdaş ölkələrin nümayəndələri, iqtisadiyyat və sərmayə sahəsinin ekspertləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Xatırladırıq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.
Forumda Qırğızıstanın Baş naziri Muxammedkalıy Abılqaziev çıxış edərək təşkilata sədrliyi dövründə ölkəsinin gördüyü işlər, həyata keçirdiyi layihələr barədə məlumat verib. Deyib ki, bu ilin iyununda Bişkekdə ŞƏT-in Sammiti keçiriləcək və bu görüşdə bir sıra mühüm məsələlər müzakirəyə çıxarılacaq.
Biznes forum çərçivəsində Qırğızıstanla Çin arasında bütün sahələri əhatə edən 2 milyard dollarlıq 5 memorandum, 3 saziş imzalanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek