REGİONLAR
Biz Böyük Qayıdışla Qarabağımıza yeni nəfəs gətirəcək, onu inkişaf etdirəcək, gülüstana çevirəcəyik
Naxçıvan, 21 noyabr, Rauf Kəngərli, AZƏRTAC
Noyabrın 20-də Azərbaycan xalqı növbəti dəfə sevinc hissləri yaşadı. İşğal altındakı Ağdam rayonu düşmən tapdağından azad edildi. Bu, döyüş meydanında əldə etdiyimiz böyük zəfərlərin siyasi-diplomatik müstəvidə davam etdirilməsinin nəticəsində mümkün oldu. Buna görə Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq. Məhz onun rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad etdi, şəhidlərimizin qanı yerdə qalmadı.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu barədə danışan Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə elmlər doktoru Zərövşən Babayeva bildirib ki, biz ölkəmizdə son illərin ən yüksək dövlət-ordu-xalq birliyinin şahidi olduq, yaşadığımız bu şanlı tarixin hər dəqiqəsini dərin duyğular içində keçirdik. Böyük Qələbəni qeyd etmək, Azərbaycan insanının, türk dünyasının daha əzmli, qürurlu tarixini yaşamaq bizi sevindirdi. Qardaş, dost ölkələrin səmimi dəstəyi bizə güc verdi. Azərbaycan Prezidenti haqlı olaraq vurğuladı: “Biz nəinki torpaqlarımızı azad edirik, həmçinin regionu erməni faşizmindən təmizləyirik. Azərbaycan artıq yeni reallıq yaratmışdır. Bu reallıqla barışmayanlar özlərindən küssün”.
Zərövşən Babayeva qeyd edib ki, müharibəyə son qoyan, Azərbaycan və Rusiya prezidentləri, o cümlədən erməni baş naziri tərəfindən imzalanan bəyanat ölkəmizin milli maraqlarına tam cavab verir. Bəyanata Naxçıvan Muxtar Respublikasının ölkəmizin əsas ərazisi ilə nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan maddənin salınması Naxçıvanın 30 illik blokadadan azad olunmasına yol açacaq. Bu baxımdan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası çox böyük perspektivlər vəd edir. Bununla Türkiyənin türk dünyası ilə əlaqələrin inkişafı da yeni mərhələyə qədəm qoyacaq. Bu, muxtar respublikanın sosial-iqtisadi inkişafına əsaslı təsir göstərəcəkdir.
“Bu gün bayrağımız Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda və digər dilbər guşələrimizdə qürurla dalğalanır. Bu, həm də o deməkdir ki, biz Vətən müharibəsində tam və qəti Qələbəyə nail olmuşuq. Bu Qələbə Azərbaycanın 30 illik qanayan yarasına məlhəm oldu. Bu Qələbə ermənilərin 200 illik planlarını tarixin arxivinə yolladı”, - deyən Zərövşən Babayeva vurğulayıb ki, dünyanın ilk 50 ordusu səviyyəsində olan müzəffər ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər dastanı yazdı. Vətən müharibəsində iştirak edən naxçıvanlı hərbçilərimizin xüsusilə fərqlənməsi bizi qürurlandırdı. Artıq “Qarabağ Azərbaycandır!”, “Şuşa Azərbaycandır!” şüarı həyatda öz təsdiqini tapıb. Biz Böyük Qayıdışla Qarabağımıza yeni nəfəs gətirəcək, onu inkişaf etdirəcək, gülüstana çevirəcəyik!