İDMAN
Boksçumuz Tayfur Əliyev IV İslam Həmrəyliyi Oyunlarının ən azı bürünc medalını təmin edib
Bakı, 15 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında Azərbaycan millisinin üzvü Tayfur Əliyev (56 kq) ilk döyüşünə çıxıb. İyirmi yaşlı idmançımızın debütü 1/4 final mərhələsinə təsadüf edib.
AZƏRTAC xəbər verir ki, Avropa Oyunlarının mükafatçısı Mərakeş boksçusu Taoufik Kaçfi ilə qarşılaşıb. Döyüş vaxtından əvvəl təmsilçimizin xeyrinə başa çatıb. T.Əliyev birinci raundda rəqibinin qaşı partladığı üçün texniki qələbə qazanıb və ən azı bürünc medalı təmin edib. O, mayın 17-də baş tutacaq yarımfinalda özbəkistanlı Abdulxay Şaraxmatovla qarşılaşacaq.
T.Əliyevədək Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) da yarımfinala vəsiqə qazanıblar.
Turnirdə 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov birinci döyüşündə Omid Əhmadisafa (İran) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz 1:4 hesabı ilə uduzub.