CƏMİYYƏT
Bölgələrdə din xadimləri ilə görüşlər keçirilir
Bakı, 25 iyun, AZƏRTAC
Bölgələrdə bu həftə ərzində də dini icma sədrləri, din xadimləri və din xadimi olmaq istəyən namizədlərin iştirakı ilə görüşlər keçirilib.
AZƏRTAC Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, Füzuli rayonunun Böyük Bəhmənli, Kərimbəyli və Yağlıvənd, İkinci Mahmudlu kənd məscidlərində, eləcə də Zərdab rayonunda keçirilən tədbirlərdə Komitənin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İlkin Bayandurov, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Zərdab Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Həsənov, eləcə də din xadimləri iştirak ediblər.
Din xadimləri və din xadimi olmaq istəyən namizədlərə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” izah olunub. Məscidlərdə vakant vəzifələrin tutulması üçün elan edilmiş müsahibə şərtləri ilə tədbir iştirakçıları tanış edilib. Həmçinin müsahibə və attestasiya qaydası açıqlanıb, lazım olan sənədlərin siyahısı diqqətə çatdırılıb.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.