CƏMİYYƏT
Bölgələrdə qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb
Bakı, 7 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə noyabrın 2-dən 5-dək reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı avtomobillərdə qanunsuz yolla əldə edilmiş, 47,58 kubmetr həcmində palıd, fıstıq, vələs, qovaqcinsli meşə materiallarının aparıldığı aşkar edilib. Eyni zamanda, rayonun Padar, Sincan, Xalxalqışlaq, Ərmənət, Tayıflı, Qalınçaq, Çəmənli və Mollalı kəndlərinin 25 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı və 114,9 kubmetr həcmində qanunsuz meşə materialından istifadə edildiyi müəyyən olunub.
İsmayıllı rayonu ərazisində keçirilən reydlər zamanı da avtomobillərdə qanunsuz yolla əldə edilmiş 42,34 kubmetr həcmində fıstıq, vələscinsli meşə materialları tapılıb. Bununla yanaşı, nazirliyin əməkdaşları meşə materiallarından hazırlanmış yeşiklərin aparıldığını da aşkar ediblər. Bundan başqa, Göyçay rayon bazarında qanunsuz meşə materialının satıldığı, Göyçay şəhəri, Nizami küçəsi 90 ünvanında Samir Mustafayevə, Natəvan küçəsi 118 ünvanında Yaqub Məmmədova, Heydər Əliyev küçəsi 25 ünvanında isə İsmayıl Yaqubova məxsus yeşik sexlərində qanunsuz yolla əldə olunmuş 12,36 kubmetr həcmində meşə materialları müəyyən edilib.
Qəbələ rayonu ərazisində keçirilən reydlər zamanı Məmmədağalı kəndinin 5 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı və 7,96 kubmetr həcmində qanunsuz meşə materialının istifadə edildiyi aşkar olunub.
Faktlarla bağlı təqsirkarlar barəsində akt və protokollar tərtib edilib, qanunsuz yolla əldə edilmiş meşə materialları maddi sübut kimi saxlanılıb. Təqsirkar şəxslər barəsində qanunauyğun tədbirlər görülür.
Reydlər davam edir.