REGİONLAR
Bölgələrdə qurbanlar kəsilib, şəhid ailələrinə və imkansız şəxslərə yardımlar edilib
İsmayıllı, 12 avqust, AZƏRTAC
Müqəddəs Qurban bayramı respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da kütləvi qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı şəhərində kəsilən qurbanlar rayon icra hakimiyyətində yaradılan komissiya tərəfindən tərtib olunmuş siyahıya əsasən bir şəhər, 36 kənd və qəsəbə inzibati ərazi dairəsində şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, imkansız ailələrə paylanıb. Ümumilikdə 3 mindən çox ailəyə qurban payı verilib.
Qurbanlıq heyvanlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən məntəqədə kəsilib.
x x x
Kürdəmirdə müqəddəs Qurban bayramı ilə əlaqədar 1500-dən çox ailəyə qurban əti paylanıb. Qurban əti şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşan məcburi köçkün ailələrinə, tənha və yataq xəstələrinə, habelə yardıma ehtiyacı olan digər ailələrə verilib.
Qurban payı rayon icra hakimiyyəti tərəfindən yaradılan komissiyanın siyahısına əsasən bir şəhər, 2 qəsəbə və 59 kənd ərazi icra dairəsi üzrə ayrılan xüsusi avtomaşınlarla paylanıb.
x x x
Zərdabda milli birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə qurbanlar kəsilib, bütün kateqoriyadan olan imkansız ailələrə paylanıb.
Bayram münasibətilə təşkil olunan mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev zərdablıları müqəddəs gün münasibətilə təbrik edib, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısından danışıb.
Rayon icra hakimiyyəti tərəfindən yaradılan xüsusi komissiya tərəfindən hazırlanan siyahıya əsasən bir şəhər, bir qəsəbə və 26 kənd ərazi dairəsində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, valideyn himayəsindən məhrum olan uşaqlara, yataq xəstələrinə və imkansızlara qurban əti paylanıb. Ümumilikdə 450-dən çox ailəyə bayram payı verilib.
x x x
Müqəddəs Qurban bayramı Ağdaş rayonunda insanların xeyirxah əməlləri ilə yaddaqalan olub.
Avqustun 12-də səhər tezdən rayon icra hakimiyyəti, ayrı-ayrı təşkilatlar, imkanlı adamlar tərəfindən qurbanlar kəsilib, əlillərə, ehtiyacı olanlara qurban əti göndərilib. Ümumilikdə bir şəhər, iki qəsəbə, 42 kənd ərazi dairəsi üzrə bütün kateqoriyadan olan 2000-dək imkansız ailəyə qurban payı verilib.