QAN YADDAŞI
Böyük Britaniyadakı Şeffild Azərbaycan Cəmiyyəti Xocalı soyqırımı ilə bağlı tədbir keçirmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Böyük Britaniyanın Şeffild şəhərində fəaliyyət göstərən Şeffild Azərbaycan Cəmiyyəti (SAS) Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirmişdir.
Təşkilatdan AZƏRTAC-a bildirmişlər ki, qurumun rəhbəri Cavid Məmmədzadənin təşəbbüsü ilə üç gün ərzində aksiyalar şəklində təşkil edilmiş tədbirlərdə müxtəlif ölkələrdən olan tələbələr iştirak etmişlər.
Tədbirlər çərçivəsində ümumilikdə 500-dən çox insana Xocalı haqqında maarifləndirici səciyyə daşıyan müvafiq materiallar, vəsaitlər təqdim edilmiş, əcnəbi iştirakçıların hər birinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş şifahi məlumatlar verilmişdir. Mövcud təşəbbüs çərçivəsində eyni zamanda SAS-ın Xocalı faciəsi ilə bağlı video-çarxı nümayiş etdirilmişdir. Həmin çarxda müxtəlif ölkələrdən olan tələbələr “Justice for Khojaly” (Xocalıya ədalət) şüarına dəstək olduqlarını göstərmişlər.
SAS Xocalı faciəsi ilə bağlı hazırladığı məqaləni Şeffild Universitetinin iki min nəfərdən çox oxucusu olan qəzetinə təqdim etmişdir.
Şeffild Azərbaycan Cəmiyyətinin uğurla həyata keçirildiyi missiya nəticəsində yüzlərlə xarici tələbə Xocalı faciəsi zamanı törədilən vəhşiliklərdən xəbərdar olmuşlar.
Qurum rəhbərliyi bu işdə göstərdiyi dəstəyə görə Böyük Britaniyadakı “Odlar yurdu” cəmiyyətinə və Avropa-Azərbaycan Cəmiyyətinə təşəkkürünü bildirmişdir.