CƏMİYYƏT
Böyük Vətən müharibəsi veteranlarına ərzaq yardımlarının çatdırılması davam etdirilir
Bakı, 9 iyul, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 Böyük Vətən müharibəsi veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması davam etdirilir.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, qurumun nümayəndə heyəti Böyük Vətən müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil verirlər.
Davam edən xeyriyyə aksiyası çərçivəsində Respublika Veteranlar Təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və təşkilatın mətbuat xidmətinin əməkdaşı Şəhla Qarayeva, müvafiq rayon icra hakimiyyətlərinin nümayəndələri Gəncə şəhəri, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir rayonlarında yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq yardımları paylayıblar.
Veteranlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olunmaması və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara əməl etməyin vacibliyi də vurğulanıb.
Veteranlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və təşkilatın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ərzaq yardımlarının paylanılması Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.