REGİONLAR
“Bravo” supermarketlər şəbəkəsi Xaçmazda 700 aztəminatlı ailəyə ərzaq yardımı edib VİDEO
Xaçmaz, 21 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda sosial dəstəyə ehtiyacı olan 700 ailəyə ərzaq yardımı edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin şəraitində yaşayan ailələrə edilən yardım kampaniyası Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Bravo” supermarketlər şəbəkəsi tərəfindən həyata keçirilib.
Xeyirxah aksiyadan Xaçmaz və Xudat şəhərində, həmçinin rayonun əksər kənd və qəsəbələrində yaşayan tənha, ahıl və əlilliyi olan vətəndaşlar yararlanıb.
Xaçmazda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsinə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon icra hakimiyyəti başçısı aparatı, inzibati ərazi nümayəndəlikləri, bələdiyyələr və könüllü fəallardan ibarət mobil qrup yaradılıb. Mobil qruplar vasitəsilə imkansız ailələr öyrənilərək onlara yardım edilir. Bu qəbildən olan insanlara mütəmadi olaraq baş çəkilir, sosial problemlərinin həllinə kömək göstərilir. Həmçinin vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsi, digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanır. Vətəndaşlara özlərinin və ailə üzvlərinin sağlamlığı naminə karantin rejiminə tam məsuliyyətlə əməl etmələri tövsiyə olunur.
Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən “Dost dar gündə tanınar” xeyriyyə aksiyasına yerli sahibkarlar və iş adamları da könüllü dəstək olurlar. Bu xeyriyyə kampaniyası çərçivəsində indiyədək yüzlərlə aztəminatlı ailəyə yardım göstərilib.
Aksiyalardan yararlanan insanlar koronavirus infeksiyasının dünyanı bürüdüyü bu çətin günlərdə onların qayğısına qalan xeyirxah insanlara və dövlətimizə minnətdarlıqlarını bildiriblər.