İDMAN
Braziliya ciu-citsusu üzrə beynəlxalq çempionata yekun vurulub
Bakı, 12 fevral, AZƏRTAC
Hövsan Olimpiya İdman Kompleksində keçirilən Braziliya ciu-citsusu üzrə açıq beynəlxalq çempionata yekun vurulub. Turnir Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ciu-Citsu Federasiyasının və “JSJ” Beynəlxalq Braziliya Ciu-Citsu Təşkilatının birgə təşəbbüsü ilə baş tutub.
Azərbaycan Ciu-Citsu Federasiyasının mətbuat katibi Rüfət Abdullayev AZƏRTAC-a bildirib ki, turnirdə Azərbaycan, Rusiya, İran, Gürcüstan və Qırğızıstandan 200-ə yaxın idmançı iştirak edib. Yarışlarda idmançılar uşaqlar, yeniyetmələr, gənclər və kişilər kateqoriyalarında mübarizə aparıblar. İki gün davam edən çempionatda gi, no gi və full-kontakt növlərində yarışlar keçirilib.
Beynəlxalq turnirin açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezident Mirəli Seyidov, vitse-prezident Seymur Səfərov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Hüseyn Babayev, Azərbaycan Ciu-Citsu Federasiyasının Braziliya ciu-citsusu departamentinin rəhbəri Azər Beydullayev çıxışlarında ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətləri yüksək qiymətləndiriblər. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayan natiqlər respublikamızda idmanın digər növləri kimi, ciu-citsunun da inkişaf etdiyini deyiblər. Çıxışlarda ölkəmizdə ciu-citsunun kütləviliyinin artırılması baxımından belə yarışların əhəmiyyəti xüsusi vurğulanıb.
Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda müxtəlif kateqoriyalar üzrə qalib gələn idmançılar diplom, medal və kuboklarla təltif olunublar.
Komanda hesabında Azərbaycan yığması birinci yeri tutub. İran millisi ikinci, Rusiya yığması isə üçüncü pillədə qərarlaşıb.