DÜNYA
Braziliya hökuməti uran kəşfiyyatı üçün dövlət-özəl alyansları yaradılmasına icazə verib
Madrid, 13 avqust, AZƏRTAC
Braziliya hökuməti uran və nüvə təyinatlı digər faydalı qazıntıların özəl sektor tərəfindən dövlətlə birgə hasil edilməsinə icazə verib. İndiyə qədər bu məsələdə dövlət müstəsna hüquqlara malik idi.
AZƏRTAC xəbər verir ki, Braziliya Mədənçıxarma Sənayesi və Energetika Nazirliyinin məlumatına görə, bu tədbir özəl sektorun “INB – Indústrias Nucleares do Brasil” (“Braziliya nüvə sənayesi”) dövlət şirkəti ilə tərəfdaşlıqda ölkədə nüvə filizləri kəşfiyyatında iştirak etməsinə daha çevik şərait yaradılmasını təmin edəcək.
Hazırda nüvə təyinatlı faydalı qazıntıların və onlardan törəmə məhsulların tədqiqatı, hasilatı, saflaşdırılması, sənaye miqyasında istehsalı və kommersiya fəaliyyəti yalnız İNB şirkəti tərəfindən həyata keçirilir.
Braziliya hökuməti ümid edir ki, dövlət-özəl alyanslar sayəsində uran istehsalı ilə bağlı tədqiqatlara, onun hasilatına yönəlmiş investisiyalar və milli uran istehsalı artırılacaq.
Braziliya hökuməti Amazonka rayonlarında faydalı qazıntıların hasilatı və iribuynuzlu mal-qara yetişdirilməsi kimi iqtisadi fəaliyyətin liberallaşdırılmasını dəstəklədiyinə görə beynəlxalq təşkilatlar və ekoloji assosiasiyalar tərəfindən tənqidə məruz qalıb. Öz növbəsində, Mədənçıxarma Sənayesi və Energetika Nazirliyində vurğulayıblar ki, yeni fərman sosial-ekoloji məsuliyyətli özəl kapitalın cəlb edilməsinə yönəlib.
Madrid