İDMAN


Bu gün Fuad Cəfərov memorialına yekun vurulacaq

Bakı, 11 yanvar, AZƏRTAC

Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan memorialın yanvarın 11-də sonuncu turuna start verilib.

AZƏRTAC xəbər verir ki, yanvarın 3-dən keçirilən memorialda 200-dən çox şahmatçı mübarizəyə qoşulub. Memorial çərçivəsində artıq rapid, blits turnirlərinə və 11 yaşadək uşaqlar arasındakı yarışlara yekun vurulub.

Blits üzrə komanda yarışında 9 turun yekunlarına görə birinci yeri maksimum nəticə ilə “Asadli Team” (Vüqar Əsədli, 2360, Xəzər Babazadə, 2181) komandası tutub. “International” və “Eleven” komandaları hərəyə 6 xalla sonrakı iki yerə sahib olublar.

Rapid üzrə yarışlarda 7 xalla azərbaycanlı şahmatçı Read Səmədov (2019) qalib olub. Sonrakı pillələrə təmsilçilərimiz Loğman Quliyev (2252, 6 xal), Əhməd Əhmədzadə (2101, 5,5 xal) qərarlaşıblar.

Otuz yeddi şahmatçının mübarizə apardığı “C” qrupunda (11 yaşadək uşaqlar) isə Nihad Kərimov (1404) 6 xalla birinci yeri tutub. İkinci və üçüncü yerləri isə hər birinin aktivində 5,5 xal olan Aqşin Əlizadə (1088) və Lalə Hüseynova (1199) tutublar.

On şahmatçının, o cümlədən 4 qrossmeysterin iştirak etdiyi “A” qrupunda isə bu gün sonuncu turun oyunları keçirilsə də qalib vaxtından əvvəl müəyyənləşib. Dairəvi turnirdə İran təmsilçisi Araş Təhbaz (2468) səkkiz turun nəticələrinə görə, 6,5 xalla artıq turnirin qalibi adını qazanıb. Ukraynalı Mixail Simantsev (2401) 5 xalla ikinci, Azərbaycan şahmatçısı Ülvi Bacarani (2421) 4 xalla üçüncüdür.

Bu gün “B” qrupu (Open) üzrə turnirdə də sonuncu turun oyunları keçiriləcək.

Səksən şahmatçının qatıldığı “Open” turnirində altı turdan sonra azərbaycanlı şahmatçı Loğman Quliyev (2322) 5,5 xalla liderdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.