REGİONLAR
Bu gün İlaxır çərşənbədir
Gəncə, 14 mart, Rauf Hacıyev, AZƏRTAC
Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir.
AZƏRTAC xəbər verir ki, İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir.
Bu çərşənbəyə xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.
Uzun qış aylarında insanların evlərində saxladığı ərzaqlar tükənir. Əfsanəyə görə adamların əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir və burada yatmış Torpağı oyadırlar. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin hər birini (çərşənbələri) müxtəlif mərasimlərlə qeyd edirlər.
Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə isə xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir. Ölkəmizin bəzi bölgələrində İlaxır çərşənbə hətta Novruz bayramının özü qədər təntənəli keçirilir.
Bu çərşənbədə nələr etməli?
İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapı pusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.
Həmçinin bu günün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə qalanan tonqal üstündən yeddi dəfə o yan–bu yana atılar, bununla da adamlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar.
İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.
Çərşənbə axşamlarında bölgələrimizdə bəzənən süfrələr və şirniyyat xonçaları kiçik fərqlərlə bir-birindən seçilir. Məsələn, Gəncədə İlaxır çərşənbədə şirniyyat süfrəsinə səməni halvası, zilviyə, hətta firni düzülür. Milli xörəklərdən isə daha çox səbzili, şüyüdlü, lobyalı və noxudlu plovlar dəmlənir.
Şəki bölgəsində hazırlanan bayram xonçalarında buranın spesifik şirniyyatlarını, al-əlvan noğullarını və nabatı görmək mümkündür.
Naxçıvan, Qazax və cənub bölgəsində də İlaxır çərşənbə xüsusi təmtəraqla, özünəməxsus adət-ənənələrlə qeyd edilir.
Bu çərşənbə ilə bağlı bir çox inanclar, sınamalar var. Məsələn, İlaxır çərşənbədə uşağa beşik və heyva çubuğundan gözmuncuğu düzəldərlər. Həmçinin gün çıxmamış su üstündən atlanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlar, qorxmuş insanların başından su töküb qorxunu götürərlər. Bayram günü evdən pul, od, kibrit, neft, ağartı, un, çörək və yumurta verməzlər. Evdə qazan asar, vəfat etmiş yaxın adamların adını çəkib onları yada salar, "filankəslərin adına qazan asdım" deyib qazana ət, düyü və sair tökərlər.
Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz mübarək olsun!