DÜNYA
Bu gün İranda ağır nəticələrə səbəb olan terror aktının ildönümüdür
Tehran, 28 iyun, AZƏRTAC
Bu gün İranda 28 iyun 1981-ci il (İran tarixi ilə 7 Tir 1360-cı il) terror aktının ildönümü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, “İslam Respublikası” partiyasının Tehranda iclas keçirdiyi salon 1981-ci il iyunun 28-də partladılıb. Partlayış nəticəsində İranın Ali Məhkəməsinin sədri, tanınmış və nüfuzlu din xadimi Ayətullah Məhəmədhüseyn Behişti, 4 nazir, 12 nazir müavini, 30 deputat və bir sıra siyasi və din xadimləri həlak olublar. Terror İranda İslam tipli dövlət qurmağın əleyhinə olan “Münafiqlər” tərəfindən törədilmişdi. Yeni formalaşan İran İslam Respublikasına qarşı həyata keçirilən terror aktı insanları, xüsusilə dövlət adamlarının təşvişinə səbəb oldu. Lakin yeni formalaşmasına baxmayaraq, İranın xüsusi xidmət orqanları inqilab əleyhdarlarının öhdəsindən gələ bildilər. Bu, inqilabdan sonra İranda ilk terror aktı idi. Nəticədə çoxsaylı dövlət və hökumət adamları qətlə yetirilmişdi.
İnqilabdan sonra -1981-ci ildən 1987-ci ilə qədər “Münafiqlər” İranın müxtəlif bölgələrində və böyük şəhərlərində dövlət qurumlarına qarşı bir sıra terror aktları həyata keçirdilər. Lakin miqyasına görə onların heç biri “İslam Respublikası” partiyasının iclasında törədilən terror aktı kimi ağır və vahiməli olmadı.
Hazırda Avropa və ABŞ-da İranda İslam tipli dövlət quruluşunun əleyhinə olan minlərlə iranlı yaşayır və ara-sıra Tehranın siyasətinin əleyhinə bəyanatlar səsləndirirlər. Rəsmi Tehran inqilabdan sonra İranı tərk edənlərin ABŞ tərəfindən dəstəkləndiyini və İrana qarşı yönləndirildiyini bildirir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran