İDMAN


Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşəcək

Bakı, 24 avqust, AZƏRTAC

Bu gün Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Qrup mərhələsində mübarizə aparacaq 32 komandanın yer aldığı 8 qrupda rəqiblər müəyyənləşəcək.

AZƏRTAC xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Azərbaycan ilk dəfə bu mərhələdə təmsil olunacaq.

Beşqat Azərbaycan çempionu “Qarabağ” qitənin ən güclü 32 komandası arasında yer aldığından bugünkü tədbirdə rəqiblərini tanıyacaq. Artıq komandalar reytinqlərinə görə səbətlərə bölünüb.

İlk səbətdə 8 ən reytinqli çempionatın qalibi yer alıb. Digər 24 klub əmsalına görə sıralanıb. Əsas mərhələnin debütantı “Qarabağ” sonuncu səbətdə yer alıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komandamız yüksək reytinqli rəqiblərlə eyni qrupa düşəcək.

Birinci səbətdə “Real Madrid” (İspaniya), “Bavariya” (Almaniya), “Çelsi” (İngiltərə), “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), “Monako” (Fransa), “Spartak Moskva” (Rusiya), “Şaxtyor” (Ukrayna) komandaları yer alıblar. “Barselona” (İspaniya), “Atletiko Madrid” (İspaniya), PSJ (Fransa), “Borussiya Dortmund” (Almaniya), “Sevilya” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Porto” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə) ikinci, “Napoli” (İtaliya), “Tottenhem” (İngiltərə), “Bazel” (İsveçrə), “Olimpiakos” (Yunanıstan), “Anderlext” (Belçika), “Roma” (İtaliya), “Beşiktaş” (Türkiyə), “Liverpul” (İngiltərə) üçüncü səbətlərə daxil ediliblər. Dördüncü səbətdə isə “Qarabağ” ilə yanaşı, “Seltik” (Şotlandiya), APOEL (Kipr), “Sportinq” (Portuqaliya), MOİK (Rusiya), “Feyenoord” (Hollandiya), “Maribor” (Sloveniya) və “Leypsiq” (Almaniya) klubları yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.