REGİONLAR
Bu il Balakəndə barama istehsalı 3 dəfədən çox artırılaraq 12 tona çatdırılacaq
Balakən, 20 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Cari ildə Balakən rayonunda barama istehsalının ötən illə müqayisədə 8,8 ton və ya 3,7 dəfə artırılaraq 12 tona çatdırılması nəzərdə tutulur. Qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ötən il rayonun 18 kəndində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində 100 min ədəd tut tingi əkilib. Eyni zamanda, mövcud tut ağaclarının inventarizasiyası aparılıb və çəkil bağlarına aqrotexniki qulluq olunub.
AZƏRTAC xəbər verir ki, bu faktlar 2017-ci ilin birinci rübünün yekunları ilə əlaqədar aprelin 20-də Balakəndə keçirilən müşavirədə səsləndirilib.
Rayon icra hakimiyyəti başçısının hesabat məruzəsində cari ilin birinci rübündə Balakəndə görülən işlər ətraflı təhlil edilib. Diqqətə çatdırılıb ki, 2017-ci ildə rayonun təsərrüfatlarında 520 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. İndiyədək 71 hektar sahəyə tütün şitili köçürülüb və bu iş sürətlə davam etdirilir. Ötən il rayonda 501 hektar sahədə tütün əkilib və fermerlər 1150 ton yaşıl tütün kütləsi, 96,3 ton quru tütün istehsal ediblər.
Bildirilib ki, rayonda gəlirli və ixrac potensialı yüksək sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Son bir ildə rayon ərazisində 2264 hektar, o cümlədən cari ilin birinci rübündə 662 hektar sahədə yeni fındıq bağları salınıb.
Diqqətə çatdırılıb ki, birinci rübdə rayonun təsərrüfatlarında 3200 hektardan çox sahədə yazlıq bitkilər əkilib, eyni zamanda, cari ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 1579 hektar sahəyə aqrotexniki qulluq göstərilib.
Rayonda meyvəçiliyin inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb, meyvə bağlarına aqrotexniki qulluq göstərilib. Meyvəçilik məhsullarının, əsasən də xurmanın qurudulması üçün Katex kəndində “Balxurma” MMC-nin fəaliyyətə başlaması xurma məhsullarının satışında uzun illər mövcud olan problemlərin həllinə müsbət təsir göstərəcək.
Yığıncaqda, həmçinin 2017-ci ilin birinci rübündə əhalinin elektrik enerjisi, təbii qaz, suvarma və içməli su ilə təminatının yaxşılaşdırılması, rayonda aparılan tikinti-quruculuq işləri, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.