ELM VƏ TƏHSİL
Bu il Dövlət İdarəçilik Akademiyasına 333 gənc qəbul olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 2017-2018-ci tədris ilinin başlanması və Bilik günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışan akademik U.Ələkbərov XXI əsrin prioriteti olan davamlı inkişafın idarə edilməsi sahəsində ölkəmizdə qazanılan nailiyyətləri diqqətə çatdırıb.
Rektor Prezident İlham Əliyevin elm və təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək ballar toplayan gənclərdən 333-ü Dövlət İdarəçilik Akademiyasına qəbul olunub.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları, mərkəzi icra hakimiyyəti orqanları, nazirliklər, şəhər və rayon icra hakimiyyətləri və digər dövlət qurumlarında çalışan 75 nəfər rəhbər kadr DİA-da magistr təhsili alacaq.
DİA-nın siyasi idarəetmə fakültəsinin dekanı, professor Zaur Bağırov, inzibati idarəetmə fakültəsinin dekanı, professor Çingiz İsmayılov və tələbələr Prezident İlham Əliyevin elm, təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs ediblər.
Çıxış edənlər müəllim və tələbələri təbrik edib, uğurlar arzulayıblar.