REGİONLAR
Bu il Qaxda 13 min hektardan çox taxıl sahəsinin məhsulu biçiləcək
Qax, 3 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Qax rayonunda 13 min 238,5 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 8 min 830,5 hektarını buğda, 4 min 408 hektarını dən üçün arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçininə son hazırlıq işləri görülür. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib.
Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, biçin kampaniyasına hazırlıqla əlaqədar mərkəzdə xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Cari mövsümdə biçinə 32 ədəd taxılbiçən kombayn cəlb ediləcək. Onlardan 24 ədədi son illərdə alınan təzə, 8-i isə əvvəlki illərdə alınan və istifadəyə yararlı vəziyyətdə olan köhnə kombaynlardır.
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Qax rayon Mərkəzinin rəisi Hikmət Hafizovun sözlərinə görə, səpindən sonra rayon ərazisində taxıl sahələrində bitiş yaxşı vəziyyətdə olub. Kollanma mərhələsindən sonra havaların uzun müddət quraq, isti keçməsi taxıl sahələrinə, əsasən dəmyə ərazilərdəki sahələrə mənfi təsir göstərib. Mərkəzin mütəxəssisləri tərəfindən mövcud taxıl sahələrində davamlı olaraq fitosanitar müşahidələr aparılıb, 2 min 5 hektar sahədə müxtəlif zərərvericilərə, 8 min 313 hektarda isə alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda taxıl sahələrində fitosanitar vəziyyət stabildir.
Rayonda taxıl biçininə iyunun ortalarında başlanılması nəzərdə tutulur.