REGİONLAR
Bu il Qaxda 3180 ton fındıq istehsal olunub
Qax, 5 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 3 min 180 ton məhsul tədarük olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, aqrar sahədə yeni subsidiya mexanizminin tətbiqinə başlanılması ilə əlaqədar indi kənd adamları fındıqçılığın inkişaf etdirilməsinə daha çox diqqət ayırırlar. Bu da səbəbsiz deyil. Yeni qaydalara əsasən, fermerlərə bağın hər hektarına görə 240 manat subsidiya verilir.
Sektor müdiri bildirib ki, dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Qax rayonunda da davamlı iş aparılır. Belə ki, son illər rayon ərazisində 3 min 359 hektarda yeni fındıq bağları salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 10 min 190 hektardır. Bu bağların 6 min 228 hektarı barverəndir.