REGİONLAR
Bu il Şəkidə 1030 hektarda tütün əkini planlaşdırılır
Şəki, 23 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Cari ildə Şəkidə tütün əkini sahələrinin keçən ilə nisbətən 153 hektar artırılaraq, 1030 hektara çatdırılması nəzərdə tutulur. Əkin sahələrinin 800 hektarına “Virciniya” növlü ətirli, 230 hektarına isə yerli tütün sortları əkiləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək diqqətin göstərilməsi, bu sahəyə subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi şəkili fermerlərin də tütünçülüyə marağını xeyli artırıb. Keçən il rayonda tütünün əkini, becərilməsi və yığılması işlərinə iki min nəfərə yaxın kənd sakini cəlb olunub.
Rafik Məmmədov bildirib ki, ötənilki mövsüm şəkili fermerlər üçün də uğurlu olub. Belə ki, 2018-ci ildə rayonda 2 min 976 ton quru tütün istehsal edilib. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb.
Hazırda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların quraşdırılmasına hazırlıq görülür. Şitil yetişdirmək üçün fevralın əvvəllərində təsərrüfatlarda 15 min kvadratmetr sahədə sadə istixanalar quraşdırılacaq.