Budapeştdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilmişdir
AzerTAg.az
Budapeşt, 29 dekabr (AZƏRTAC). Azərbaycanın Macarıstandakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş gecə keçirilmişdir. Tədbirə Macarıstandakı Azərbaycan diasporunun nümayəndələri, Budapeştin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, habelə ölkəmizə dost münasibət bəsləyən qonaqlar dəvət edilmişdi. Bu tədbirin fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, Azərbaycan mətbəxinin bütün xörəkləri iştirakçıların özləri tərəfindən hazırlanmışdı. Bu fakt həmrəylik və sıx birliyin özünəməxsus təzahürü olmuşdur. Beləliklə, bayram şənliyi Macarıstanın bütün Azərbaycan icmasının səmimi bir ailə kimi çıxış etdiyi tədbirə çevrilmişdir.
Azərbaycanlıların çoxu bu tədbirə öz uşaqları ilə bərabər gəlmişdi. Uşaqlar Azərbaycan mahnıları ifa etmiş, Azərbaycan şairlərinin şeirlərini söyləmişlər. Şaxta Babanın gözlənilməz gəlişi uşaqları çox sevindirmişdir. O, uşaqlara Yeni il hədiyyələri paylamışdır.
Bayram şənliyi səmimi şəraitdə keçmişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Xəbərin mətnində orfoqrafik səhv var