ELM VƏ TƏHSİL
Buraxılış imtahanlarının keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb
Bakı, 17 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 18-də və 19-da ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər həyata keçirilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə dünən və bu gün təkrar baxış keçirilib və bütün imtahan binalarında və otaqlarda, dəhlizlərdə dezinfeksiya və təmizlik işləri aparılıb, sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.
Bundan əlavə, şagirdlərin (abituriyentlərin) imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına riayət etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.
İşlər yekunlaşdıqdan sonra imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.